e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Siqaretlərin aksiz dərəcəsi artırılıb, qəlyan üçün aksiz müəyyənləşdirilib

2022-04-14 | Vergilər | 3204

Bu gündən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin 14-də qüvvəyə minir.

Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi isə 1 kq üçün 30 manat olacaq.

Qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat müəyyənləşdirilib.

Eyni zamanda “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib. 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olacaq bu qərara əsasən, idxal edilən qəlyan üçün tütün əvəzləyicilərinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib. Eyni zamanda idxal edilən birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri hər ədədinə 15 % gömrük rüsumu tətbiq ediləcək.

Mənbə: https://apa.az/az/maliyye/siqaretlerin-aksiz-derecesi-artirilib-qelyan-ucun-aksiz-mueyyenlesdirilib-697733


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.