e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi Xidməti bina tikən şirkətləri – BİR YERƏ TOPLADI – ƏDV İLƏ BAĞLI GÖRÜŞ

2022-12-19 | Vergilər | 4242

Dövlət Vergi Xidmətində bina tikintisi ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirilib.

FED.az xəbər verir ki, görüş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması mövzusuna həsr olunub.

Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəis müavini Elşən Rəhimli tədbir iştirakçılarını Azərbaycan Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” barədə ətraflı məlumatlandırıb.

Bildirib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən e-qaimələrin tərtib olunması və alıcıların ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı müraciət etməsi üçün bu il noyabrın 21-dən İnternet Vergi İdarəsində yaradılmış müvafiq portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.

Qeyd edək ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu portal vasitəsilə yoxlayaraq təsdiqləyir.

Sonra alıcı şəxsi kabinetində yerləşən keçidə daxil olaraq Hökümət Ödəniş Portalı vasitəsilə, yaxud banka yaxınlaşaraq ödənişi həyata keçirir.

Növbəti mərhələdə alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün portal vasitəsilə müraciət edilir. Müraciət avtomatik qaydada vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Nəticələr üzrə ƏDV-nin bir hissəsin qaytarılması ilə bağlı qərar qəbul edilir.

Tədbir iştirakçılarına müvafiq məlumat və elektron qaimə-faktura formalarının tərtib edilməsi və göndərilməsi, eləcə də “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizəsi”nin göndərilməsi qaydası barədə videçarx təqdim olunub.

Sonda sahibkarların müraciətlərə baxılması, e-qaimələrin tərtib edilməsi, ödənişlərin həyata keçirilməsi və s. məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılıb.

Mənbə: https://fed.az/az/vergiler/vergi-xidmeti-bina-tiken-sirketleri-bir-yere-topladi-edv-ile-bagli-gorus-149010


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.