e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlarla bağlı mühüm yenilik

2023-10-12 | Kadr işi | 1654

Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına əsasən, elektron informasiya sistemi - ƏMAS-a yeni funksionallıq əlavə edilib. Dəyişiklik iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarının əmək müqaviləsinin elektron formasına əlavə edilməsi ilə bağlıdır. Artıq əmək şəraitinin ağır və zərərlilik dərəcəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən olunmuş artım əmsalları əmək müqaviləsinin elektron formasında da əks olunacaq.

Yeniliyi vergiler.az-a şərh edən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu sahədə qəbul edilən qərarların əhəmiyyətini izah edib.

Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir.

Əmək şəraitinin ağır və zərərliliyi iş yerlərinin attestasiyasının nəticəsində müəyyən olunur. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilib.

Əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”ndakı Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş “ İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəl”i əsasında müəyyən olunur.

İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 № li qərarı ilə təsdiq edilib.

Həmin qərara əsasən, istehsalat mühiti amillərinin zərərliliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə müəyyən olunur.

Qeyd edim ki, Əmək Məcəlləsinin 159.1 ci maddəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əməkhaqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Yuxarıda qeyd olunan bənddə müvafiq icra hakimiyyəti orqanı dedikdə Nazirlər Kabineti nəzərdə tutulur. Əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarı Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə müəyyən edilir.

Həmin qərara əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:

Əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

  • aşağı səviyyəsində – 1,04
  • orta səviyyəsində – 1,08
  • yuxarı səviyyəsində – 1,12

Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

  • aşağı səviyyəsində – 1,16
  • orta səviyyəsində – 1,20
  • yuxarı səviyyəsində – 1,24

Onu da qeyd edim ki, Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarına əsasən, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı təsdiq edilib. Qərarla müəyyənləşdirilmiş işləri görən işçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar da verilməlidir.

Mənbə: https://vergiler.az/news/social/26295.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.