e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsi planlaşdırılır.

2018-10-26 | Vergilər | 3354

Gələn il hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 211 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 29 mln. manat və ya 15,9% çoxdur.

"Report" xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, həmin məbləğin 68,7%-i və ya 145 mln. manatı qeyri-neft sektorunun, 31,3%-i və ya 66 mln. manatı neft sektorunun payına düşür.

Cari ilin proqnozu ilə müqayisədə əmlak vergisi neft sektoru üzrə 12 mln. manat və ya 22,2%, qeyri-neft sektoru üzrə 17 mln. manat və ya 13,3% çox proqnozlaşdırılır.

"Artımın səbəbi əvvəlki illərdə həm qeyri-neft, həm də neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyalar nəticəsində əsas vəsaitlərin balansa alınması, həmçinin Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsinin nəzərə alınmasıdır", - deyə büdcə zərfində qeyd olunub.

Muhasib.az saytının qeydi

AR Vergi Məcəlləsinin 199.4.3. maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri mexaniki nəqliyyat vasitələrin dəyərində azaldılır.

"Yol hərəkəti haqqında" 3 iyul 1998-ci il tarixli 517-IQ nömrəli AR Qanununun 1-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsi dedikdə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi, özügedən maşınlar dedikdə isə tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsi başa düşülür.

Mənbə: https://report.az/maliyye/gelen-il-huquqi-sexslerin-emlak-vergisi-uzre-daxilolmalar-16-artacaq/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.