e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə nəticələri

Maliyyə nəticələri - hesabat dövrü ərzində təsərrüfat fəaliyyətinin nəticəsi kimi müəssisənin kapitalının artması və ya azalmasıdır. Müəssisənin hesabat dövrü ərzində maliyyə nəticəsi ya mənfəət, və ya zərər ola bilər.

Hesabat dövrünün mənfəəti(zərəri) hər ay uçotda əks olunan gəlirlərin və xərclərin fərqi ilə müəyyən edilir. Əgər hesabat dövründə qazanılan gəlirlər çəkilən xərclərdən çoxdursa, o zaman, müəssisə mənfəət əldə edir, əks halda - zərər.

Maliyyə nəticələrinin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınır:

  1. Adi fəaliyyətdən gəlir(zərər);
  2. Sair fəaliyyətdən gəlir(zərər);
  3. Mənfəətə təsir edən gəlir və xərclər (mənfəət vergisi, vergi cərimələri)

Gəlirlər - aktivlərin mədaxili nəticəsində iqtisadi səmərənin artması və (və ya) öhdəliklərin azalması nəticəsində müəssisənin kapitalının artmasıdır. Nizamnamə kapitalına təsisçilərin kapital qoyuluşundan başqa.

Xərclər - aktivlərin məxarici nəticəsində iqtisadi səmərənin azalması və (və ya) öhdəliklərin yaranması nəticəsində müəssisənin kapitalının azalmasıdır. Nizamnamə kapitalından təsisçilərin pay qoyuluşunun azalmasından başqa.

Ümumi mənfəətin (zərərin) uçotu Hesablar Planının 80-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə ümumi mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 801 №li “Ümumi mənfəət (zərər)” hesabı açılır.

Yaranan gəlirlər üzrə məbləğlər hesabat dövrünün mənfəəti kimi 601, 611, 621, 631, 641 №li hesabların müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Xərclər üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731, 741, 751, 761 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini mənfəətlə başa vurarsa aşağıdakı mühasibat yazılışları verilir:

  • cari mənfəət vergisi üzrə xərclərə görə 801 №li hesabın müvafiq subhesablarının debeti və 901 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • təxirə salınmış mənfəət vergisi üzrə xərclərə görə 801 №li hesabın müvafiq subhesablarının debeti və 902 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • hesabat dövrünün xalis mənfəətinə görə 801 №li hesabın müvafiq subhesablarının debeti və 341 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini zərərlə başa vurarsa bu zaman 341 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Malların (işlərin, xidmətlərin) satışından məbləğ mənfəətə silinir 601 "Satış" 801 "Ümumi mənfəət (zərər)" -
2 Satılan malların (işlərin, xidmətlərin) maya dəyəri silinir 801 "Ümumi mənfəət (zərər)" 701 "Satışın maya dəyəri üzrə xərclər" -
3 Kommersiya xərcləri silinir 801 "Ümumi mənfəət (zərər)" 711 "Kommersiya xərcləri" -
4 İnzinbati xərclər silinir 801 "Ümumi mənfəət (zərər)" 721 "İnzibati xərclər" -
5 Hesabat ili üçün mənfəət vergisi hesablanır 901 "Cari mənfəət vergisi üzrə xərclər" 521-1 "Vergi öhdəlikləri - mənfəət vergisi" -
6 Mənfəət vergisi silinir 801 "Ümumi mənfəət (zərər)" 901 "Cari mənfəət vergisi üzrə xərclər" -
7 Hesabat ili üçün xalis mənfəəti müəyən edilir 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" -
8 Hesabat ilinin zərəri müəyən edilir 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 801 "Ümumi mənfəət (zərər)" -


Yazı sonuncu dəfə 2018-07-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.