e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq vergisinin hesablanması və ödənilməsi

Müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və müəyyən olunan dərəcələrə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq müvafiq bəyannaməni vergi orqanına verirlər.

Bundan başqa, hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.

Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən cari ilin iyul ayının 1-dək müəyyən olunan qaydada hesablanır və ödənilməli torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyə bildirişini isə həmin ilin avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır.

Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Fiziki şəxslər tərəfindən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müəssisələr tərəfindən dövlət büdcəsinə, fiziki şəxslər tərəfindən isə yerli (bələdiyyə) büdcəyə ödənilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi AR Vergi Məəcəlləsində müəyyən edilmiş ödəmə vaxtına kimi torpağın yeni sahibi tərəfindən ödənilməlidir.

Müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir.

Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqdan) sonra bu maddədə müəyyən olunmuş müddətlərdən gec olmayaraq hər ödəniş üzrə həmin torpaq sahələrinə görə hesablanmalı olan illik torpaq vergisi məbləğinin 50 faizi miqdarında cari vergi ödənişlərini yerinə yetirirlər. Torpaq vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Torpaq vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.

AR "Torpaq Məcəlləsi"-nin 99-cu maddəsinə əsasən,

Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir.

İcarəyə verən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyə verən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.



Misal

Müəssisə torpaq sahəsini icarəyə götürübdür. İcarəyə verən fiziki şəxs torpaq vergisi ödəyicisidir. AR "Torpaq Məcəlləsi"-nin 99-cu maddəsinə əsasən, icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Müəssisə fiziki şəxsə torpağın icarə haqqını ödəyəcək, fiziki şəxs isə torpaq vergisini özü bələdiyyə büdcəsinə ödəməlidir.

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Mühasibat uçotunda torpaq vergisinin hesablanması və ödənilməsi üzrə müxabirləşmələr aşağıdakı kimi aparılır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Torpaq vergisinin hesablanması 731 "Sair əməliyyat xərcləri" 521-6 "Torpaq vergisi" 180
2 Torpaq vergisinin ödənilməsi 521-6 "Torpaq vergisi" 223 "Bank hesablaşma hesabları" 180


Normativ-hüquqi aktlar:

AR Vergi Məcəlləsi. Maddələr: 208

Yazı sonuncu dəfə 2024-01-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.