e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-hökumət təşkilatlarının vergi öhdəlikləri

2019-08-09 | Vergilər | 2991

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları öz maliyyə resurslarını qeyri-üzvlük haqlarından, könüllü ianələrdən, səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlərdən, qrantlardan, malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar hesabına formalaşdırır.

Bəzən olur ki, hansısa ictimai birliyə, qeyri-kommersiya təşkilatına ianə, əvəzsiz köçürmə, üzvlük haqqı ödəyən müəssisə ödədiyi pulun qarşılığında qeyri-kommersiya təşkilatından elektron qaimə tələb edir, həmin təşkilat da aldığı ödənişin müqabilində ödəniş edən müəssisəyə elektron qaimə təqdim edir və bu məbləği ya sadələşdirilmiş vergiyə, ya da mənfəət vergisinə cəlb edir. Halbuki üzvlük haqlarına, ianəyə, əvəzsiz köçürməyə görə vergi ödəyicisinə elektron qaimə-fakturanın verilməsi qanunaziddir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"na əsasən, elektron qaimə-faktura malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilir: "Üzvlük haqlarından, ianələrdən və əvəzsiz köçürmələrdən əldə edilən məbləğlər nə sadələşdirilmiş verginin, nə də mənfəət vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 219.1-ci maddəsində göstərilir ki, sadələşdirilmiş verginin vergitutma obyekti təqdim edilmiş mallara, göstərilmiş xidmətlərə və görülmüş işlərə görə əldə olunan hasilatdır. Qeyri-kommersiya təşkilatı üzvlük haqlarına, ianələrə, əvəzsiz köçürməyə, maddi yardıma görə əldə etdiyi vəsaitin qarşılığında ödənişi edən şəxsə hər hansı mal təqdim etmədiyi, iş görmədiyi, xidmət göstərmədiyi üçün üzvlük haqları, ianə, əvəzsiz köçürmə, maddi yardım sadələşdirilmiş verginin vergitutma obyekti deyildir. Habelə Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmə, ianə, üzvlük haqları da mənfəət vergisinə cəlb edilmir.

Misal 1:

"Sağlamlıq imkanları məhdud uşaqlara dəstək" İctimai Birliyinə hər hansı kommersiya təşkilatından 10.000 manat məbləğində ianə daxil olub. Bu zaman həmin ianə mənfəət vergisinə cəlb edilməyəcək. Lakin ola bilər ki, qeyri-kommersiya təşkilatı əsas qeyri-kommersiya fəaliyyəti ilə yanaşı, həm də sahibkarlıq fəaliyyətindən gəlir əldə etsin. Bu zaman həmin təşkilatın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir mənfəət vergisinə cəlb olunacaq.

Misal 2:

"Azərbaycan Mühasiblər Assosiasiyası" İctimai Birliyinin il ərzində 20.000 manat üzvlük haqlarından, 10.000 manat ianələrdən, tədbirlərində hansısa bir şirkəti reklam etdikləri üçün 15.000 manat reklam fəaliyyətindən gəliri var. Bu zaman 20.000 manat üzvlük haqlarından və 10.000 manat ianədən daxil olan vəsait Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən mənfəət vergisinə cəlb olunmur, ancaq 15.000 manat məbləğində reklam fəaliyyətindən əldə etdiyi gəlir mənfəət vergisinə cəlb olunur. Bundan əlavə, təşkilat göstərdiyi reklam xidmətinə görə xidməti alan tərəfə elektron qaimə-faktura təqdim etməlidir".

A.Bayramov bildirib ki, diqqət edilməli məqamlardan biri də ianəni, əvəzsiz köçürməni, maddi yardımı əldə edən şəxsin mütləq qeyri-kommersiya təşkilatının nümayəndəsi olmasıdır: "Bu halda həmin məbləğ mənfəət vergisinə cəlb edilmir. Əks halda, maddi yardımı, əvəzsiz köçürməni, ianəni alan şəxs kommersiya təşkilatı olarsa, o zaman həmin məbləğ müəssisənin gəliri hesab olunaraq mənfəət vergisinə cəlb edilir.

Misal 3:

kommersiya təşkilatı olan "Sabah qəzeti redaksiyası" MMC-yə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan il ərzində 50.000 manat məbləğində maddi yardım ayrılıb. Bu gəlirin qeyri-kommersiya fəaliyyətindən gəlir olmasına, yəni vəsaiti əldə edən təşkilat pul qarşılığında heç bir xidmət göstərmədiyinə, mal təqdim etmədiyinə, iş görmədiyinə baxmayaraq, həmin şəxs kommersiya təşkilatı olduğu üçün əldə edilən məbləğ mənfəət vergisinə cəlb olunacaq".

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/3493.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.