e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

ƏDV-nin geri qaytarılması

2020-05-16 | Vergilər | 5308

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdir. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. İstehlakçıların bu hüquqdan istifadə etmək üçün alış-veriş edərkən diqqət yetirməli olduqları məqamlara Vəkillər Kollegiyasının üzvü, vergi hüququ üzrə ekspert Sirac Piriyev aydınlıq gətirib.

Əvvəlcə, ödənişin tərkibindəki ƏDV-ni müəyyən etmək qaydalarına diqqət yetirək:

  • ödənilən məbləğ x 18/118 = ödənilən ƏDV;
  • ödənilən məbləğ – (ödənilən məbləğ / 1,18) = ödənilən ƏDV.
İstehlakçıların alış-veriş edərkən diqqət yetirməli olduqları məqamlar isə bunlardır:
  • alıcı malları yalnız fiziki şəxs qismində əldə etməlidir;
  • malsatan mütləq ƏDV ödəyicisi olmalıdır. İri supermarket şəbəkələrinin, demək olar ki, hamısı ƏDV ödəyiciləridir;
  • alıcıya təqdim edilən nəzarət-kassa aparatı çekində malın sürətli məlumat kodu, başqa sözlə Fiskal ID və ya QR kod olmalıdır.

Qeyd edilən formada kassa aparatları yeni nəsil elektron kassa avadanlıqlarıdır ki, hazırda onların quraşdırılması prosesi sürətlə davam edir.

ƏDV-nin geri qaytarılması prosesi isə "edvgerial.az" portalı vasitəsilə həyata keçirilir. İstehlakçı həmin portalda şəxsiyyət vəsiqəsinin məlumatları və mobil nömrə ilə qeydiyyatdan keçərək alınan malın kassa çekinin üzərindəki tarixdən 90 gün ərzində çekdəki 12 saydan ibarət fiskal ID nömrəsini daxil etməklə çeki sistemə yükləyir. Bundan əlavə, çekin üzərindəki QR kodu "BirBank" mobil tətbiqi vasitəsilə oxutmaqla bu xidmətdən daha rahat yararlanmaq mümkündür.

İstehlakçının aldığı malı 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququ olduğundan daxil edilən kassa çeki "gözləyən" statusunda qalır və həmin müddət başa çatdıqdan sonra aktivləşir. Sonradan isə məlumat müvafiq banka göndərilir və sonuncu tərəfindən 30 gün müddətində vəsait istehlakçıya qaytarılır.

Alınan malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kuponları və s. ilə ödənildikdə, ödəniş avans şəklində olduqda, həmçinin geri qaytarılmalı ƏDV məbləği 0.01 manatdan aşağı olarsa (alış məbləği 0.66 manatdan aşağı) ödənilən ƏDV geri qaytarılmır və bu zaman daxil edilən çek üzrə sistemdə xəta əks olunur.

Əgər istehlakçı malı POS-terminal vasitəsilə nağdsız qaydada alırsa, həmin qurğunun nəzarət-kassa aparatına inteqrasiya olunub-olunmadığı dəqiqləşdirilməlidir. Olunmayıbsa, kassa çekindən əlavə, POS-terminaldan çıxarış da tələb etməlidir ki, ödənişin nağdsız qaydada həyata keçirildiyini təsdiqləyə bilsin.

Bəzən ödənilən məbləğ kassa çeki sistemə daxil edildiyi zaman əks olunan ƏDV məbləğinə uyğun gəlməyə bilər ki, bu da ƏDV-dən azad olan və ya ƏDV hesablanmayan malların əldə olunması ilə əlaqədardır.

İstehlakçı aldığı malı sonradan geri qaytararsa, satıcı həmin çeki sistemdə yoxlayır. İstehlakçıya ƏDV məbləği qaytarılmadıqda ödənilmiş məbləğ tam şəkildə, qaytarıldıqda isə ƏDV məbləği çıxılmaqla qalan məbləğ təqdim olunur.

Onu da qeyd edək ki, portala daxil edilən ƏDV məbləği elektron kabinet yaradılan zaman aktiv olan virtual "pul qabı"na yerləşdirilir. Həmin vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirməklə yanaşı, ölkədaxili bank kartlarına köçürmələr də etmək mümkündür.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/8457.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.