e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Təsərrüfat xərcləri: Malların alış aktı

Mallar vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alındıqda pərakəndə ticarət, ictimai iaşə və topdan satış sahələrində "Malların alış aktı" (Forma N MAA-1), istehsal sahəsində isə      "İstehsal ehtiyatlarının alış aktı" (Forma № İEAA-1) və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

AR Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

"Malların alış aktı" və "İstehsal ehtiyatlarının alış aktı"nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi müvafiq olaraq "Malların təhvil-qəbul aktı" (Forma № MTQA-1)"İstehsal ehtiyatlarının təhvil-qəbul aktı" (Forma № İETQA-1) ilə sənədləşdirilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

"Malların alış aktı" 2 nüsxədə hazırlanır:

  • birinci nüsxə avans hesabatı ilə birlikdə mühasibatlığa verilir;
  • ikinci nüsxə - satıcıda qalır.

Hər iki nüsxə təhtəlhesab şəxs və satıcı (fiziki şəxs) tərəfindən imzalanır.

Satıcı barədə aktda aşağıdakı məlumatlar verilməlidir:

  • Soyadı Adı Atasının adı;
  • Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi;
  • FİN kodu.

Satıcı fərdi sahibkar kimi vergi uçotunda deyilsə müəssisə ona ödənilən məbləğə gəlir vergisi hesablayıb ödəməlidir.

Nağd hesablaşmalar apararkan "Nağd hesablaşmalar hqqqında" AR Qanununun tələblərini unutmamaq lazımdır. Beləki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Eyni zamanda, qanuna əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

  • kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
  • əlvan və qara metal qırıntılarının qəbulu;
  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
  • utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.


Yazı sonuncu dəfə 2020-08-07 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.