e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşsizlikdən sığorta

İşsizlikdən sığorta – qanunvericiliklə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

İşsizlikdən sığortanın məqsədi müəssisə və təşkilatların ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işsiz qamış vətəndaşların itirilmiş əməkhaqlarının kompensasiya olunmasıdır.

İşsizlikdən sığorta siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

İşsizlikdən sığortanın iştirakçıları

İşsizlikdən sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olunanlardır.

Sığortaçı - işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Sığortaedənlər - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlərdir:

  • hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri;
  • dövlət orqanları;
  • fiziki şəxslər;
  • seçkili orqanların rəhbərləri.

Sığortaolunanlar - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilərdir.

İşsizlikdən sığorta haqqının hesablanması

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

AR Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən:

Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

AR Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən ımək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Misal.

İşçinin aylıq vəzifə maaşı 1 200 manatdır. İşsizlikdən sığorta haqqı aşağıdakı kimi hesablanacaqdır:

İşçinin (sığortaolunanın) vəzifə maaşından tutulub ödəniləcəkdir: 1 200 manat * 0.5% = 6 manat

İşəgötürən (sığortaedən) ödəməlidir: 1 200 manat * 0.5% = 6 manat

İşsizlikdən sığorta haqları üzrə uçot və hesabat

Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən (işəgötürən) tərəfindən hesablanır.

İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti AR Vergilər Nazirliyi həyata keçirir.

Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ödənilir.

İşsizlikdən sığorta qaydalarını pozmağa görə məsuliyyət

İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Yazı sonuncu dəfə 2020-03-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.