e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı

2020-08-09 | İqtisadiyyat | 3113

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, qərar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən qəbul edilib.

Qaydalara əsasən, Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlar, işçi heyət və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsinə məsuldur.

Bundan başqa, 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu (Rapid Response Team) yaradılacaq, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunacaq.

Eyni zamanda, mehmanxanada şübhəli COVID-19 hallarında ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (qoruyucu forma (kombinezon, üz üçün sipər), baxil, tibbi əlcək, tibbi eynək, saç örtüyü (bone), tibbi maska) olması təmin edilməlidir.

- Mehmanxana daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır.

- İnfeksiyanın yayılmasının qarşısını almaq üçün hərarəti və respirator simptomları olan qonaqların və ya işçilərin tibbi maskalar geyinməsi təmin edilir.

- Xəstəlik şübhəsi olan qonağa və ya işçiyə dərhal tibbi xidmət göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilir.

- Təcili tibbi yardım gələnədək xəstəlik şübhəsi olan qonaq və ya işçinin digər qonaqlardan və işçilərdən izolyasiya edilməsi məqsədilə o, xüsusi karantin otağında yerləşdirilir.

- Xəstəlik şübhəsi olan qonaq və ya işçi ilə işçi heyətin təması minimuma endirilir və onunla təmasda olan şəxslər tərəfindən fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadə olunması təmin edilir.

- Xəstəlik şübhəsi olan qonaq və ya işçi 103 Təcili Tibbi Yardımın həkimləri tərəfindən laboratoriya müayinəsindən keçirilir və nəticələri əldə olunanadək həmin şəxslər xüsusi karantin otağında saxlanılır. Laboratoriya müayinəsinin nəticəsi pozitiv olduqda, Azərbaycan Respublikasında səfərdə olan şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibbi müəssisəsinə yerləşdirilirlər.

- Xəstəlik şübhəsi olan qonaqla eyni otaqda qalan asimptomatik şəxsin və ya şəxslərin (əgər varsa) öz otaqlarında izolyasiya olunmaları təmin edilməli və onlardan test götürülməsi və iltizam alınması üçün 103 Təcili Tibbi Yardıma məlumat verilməlidir.

- Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir.

- Təmizlik işlərini həyata keçirəcək işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saat istifadəsiz saxlanılması və oraya heç kimin daxil olmasına icazə verilməməsi, qapının üzərinə “istifadəyə yararsızdır” nişanının vurulması tövsiyə olunur.

Eyni zamanda qaydalara əsasən, Xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saatdan sonra (tövsiyə olunan müddət) aşağıdakı qaydada təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir:

- otağın təmizlənməsi zamanı əlcək, tibbi maska, üz sipəri, saç örtüyü (bone) və xalat istifadə edilməlidir;

- tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, çirklər ilkin olaraq maşa vasitəsilə idarə olunmaqla maye uducu parçalarla təmizlənməlidir;

- maşa və parçalar diqqətlə tullantı torbalarına yerləşdirilməlidir;

- bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə təmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. Ağardıcının hazırlanma dərəcələri (10 faizlik): 1:10 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 9 hissə su (5000- 6000 ppm xlor sərbəst buraxılır); 1:100 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 99 hissə su (500-600 ppm xlor sərbəst buraxılır). 1:100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı əlavə edilir);

- ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.), 70 faiz spirt tərkibli məhlul istifadə edilə bilər;

- istifadə edilən paltar, döşək üzləri, yataq örtükləri, dəsmallar və s. camaşırlar silkələnməməli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 72 saat kənarda saxlanıldıqdan sonra 60- 90°C temperaturda yuyucu toz ilə yuyulmalıdır;

- yumşaq mebel və matras buxarlı təmizləyici ilə təmizlənməlidir;

- xəstə qonağın və ya işçinin təmasda olduğu digər şəxslər və yerlər (misal üçün, dəhlizlər, lobbi və s.) müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir;

- dezinfeskiya prosesi başa çatdıqdan sonra istifadə olunan bütün vasitələr (qoruyucu geyimlər, parçalar) tullantı torbalarına yerləşdirilməli və əl gigiyenası həyata keçirilməlidir;

- yeni əlcəklər geyinilməli və tullantı torbalarının ağızları bərk sıxılaraq qapaqlı tullantı qutularına yerləşdirilməli, 72 saat (tövsiyə olunan müddət) digər tullantılardan kənar saxlanılmalı, daha sonra digər tullantılarla birgə utilizasiya edilməlidir;

- yekunda əllər təkrar yuyulmalıdır.

Qaydalara əsasən, mehmanxanalarda kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda öncədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında bütün qonaqlar mehmanxanadan çıxarılmalı və mehmanxana tamamilə dezinfeksiya olunmalıdır.

Qaydalara görə, təsirə məruz qalan işçi olduqda, həmin işçiyə xüsusi diqqət yetirilməsi, COVID-19-a spesifik olan əlamət (əlamətlər) müşahidə olunduqda (hərarət, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırması, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməsi və tibbi xidmətin göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilməsi təmin edilməlidir.

Xəstəlik əlaməti olan işçinin iş yerinin dezinfeksiya edilməsi təmin olunmalıdır.

Həmin işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan işçilərdən test götürülməsi və cavablar müəyyənləşənədək qədər onların evdə özünütəcrid rejimində olması təmin edilməlidir.

Xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərin dərhal təmasda olduğu (qonağın otaq yoldaşı, xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərə qayğı göstərən şəxslər, fərdi qoruyucu vasitələrdən istifadə etmədən təmasda olan şəxslər) müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalıdır.

Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilməlidir.

Qərarla buradan tanış ola bilərsiniz.

Mənbə: https://report.az/biznes-xeberleri/pandemiya-dovrunde-azerbaycanda-mehmanxanalarin-fealiyyeti-aciqlandi/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.