e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

ƏDV üzrə vergi bəyannaməsinin əvvəlcədən doldurulması

2019-08-05 | Vergilər | 324

Vergilər Nazirliyinin 19 aprel 2019-cu il tarixli əmri ilə "Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması qaydaları" təsdiq edilib. Nazirlər Kabinetinin "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"na əsasən, kiçik sahibkarlıq meyarlarına 11-50 nəfər işçisi və 3 milyon manatadək illik gəliri olanlar aid edilir. Qaydalarla bağlı sahibkarları daha çox maraqlandıran sualları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Bu xidmət kimləri əhatə etmir?

Qaydaların 1.3-cü bəndində qeyd edilir ki, "ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" xidmətindən istifadə etmək hüququ öz fəaliyyətində yalnız Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatından istifadə edən kiçik sahibkarlıq subyektlərinə məxsusdur.

Xidmət məcburidirmi?

Qaydalarda göstərilib ki, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı tətbiq etməklə ƏDV qeydiyyatına alınmış kiçik sahibkarlıq subyektləri "ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması" xidmətindən istifadə etmək və ya imtina etmək üçün qeydiyyatda olduğu vergi orqanına ərizə forması ilə elektron qaydada müraciət etməlidir. Vergi orqanı həmin ərizəni qəbul etdikdən sonra 5 iş günü ərzində vergi ödəyicisinə təsdiq və ya imtina haqqında məlumat verməlidir. Vergi orqanının ərizəyə imtina halları aşağıdakı səbəblərə görə baş verir:

  • vergi ödəyicisi elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatına malik olmadıqda;
  • vergi ödəyicisi vergi orqanına hesabatlarını onlayn formada təqdim etmədikdə;
  • vergi ödəyicisi kiçik sahibkarlıq subyektinə uyğun gəlmədikdə.

Hesabatın hazırlanması və təqdim olunması müddəti

Vergi orqanı vergi ödəyicisinin ƏDV bəyannaməsini hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində elektron formada hazırlayaraq vergi ödəyicisinə göndərəcək. Vergi ödəyicisinin ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək həmin bəyannamənin üzərində dəyişiklik aparmaq hüququ var. Qeyd edək ki, vergi ödəyicisi ƏDV bəyannaməsini aylıq hazırlamalı, növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir. Əgər vergi ödəyicisi ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək onu təsdiqləməzsə, bu zaman vergi orqanının hazırladığı bəyannamə əsas tutularaq təsdiq edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

ƏDV bəyannaməsinin doldurulması üçün hansı məlumatlardan istifadə edilir?

ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması zamanı vergi orqanının istifadə etdiyi məlumatlar bunlardır:

  • dövlət reyestr məlumatları;
  • Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatının məlumatları;
  • elektron-qaimə faktura, elektron vergi hesab-fakturası, ƏDV depozit hesabı və yük gömrük bəyannaməsi məlumatları;
  • notariusun məlumatları;
  • əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatları.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/3461.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.