e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi

2019-09-05 | Mühasibat uçotu | 274

Təsərrüfat subyektlərinin, mühasiblərin və sahibkarların ən çox önəm verdiyi məsələlərdən biri də əsas vəsaitlərin yenidən qiymətləndirilməsidir. Bu, adətən, təsərrüfat üsuli ilə əldə edilmiş əsas vəsaitlərin dəyərinin aşağı olması və sonradan yenidən qiymət artımı ilə nəticələnməsi zamanı yaranır. Belə əməliyyatlarda təsərrüfat subyektləri çox hallarda səhvlərə yol verirlər. Yenidən qiymətləndirmə zamanı müxtəlif suallar meydana çıxır. Mövzunu iqtisadçı ekspert Altay Cəfərov şərh edir.

Yenidən qiymətləndirmədən sonra yaranan artmış məbləğin taleyi necə olmalıdır? Həmin məbləğ gəlirə cəlb edilirmi, amortizasiya hesablanmalıdırmı? Bu kimi müxtəlif qaranlıq məqamlar formalaşır ki, bunu misal üzərində nəzərdən keçirsək, yaxşı olar.

Tutaq ki, "AA" MMC-nin balansında dəyəri 10.000,00 manat olan əsas vəsait vardır. Nəzərə alaq ki, cəmiyyət mənfəət vergisi ödəyicisidir. İllər ərzində 3.000 manat amortizasiya hesablanılmışdır (amortizasiya norması 7 faizdir) və qalıq dəyəri 7000 manatdır. Cəmiyyət rəhbərliyi əsas vəsaitin yenidən qiymətləndirilməsini qərara almış və qiymətləndırmədən sonra balans dəyəri 9.000 manat olmuşdur. Bu halda "AA" MMC-nin vergi uçotunu necə formalaşdırılmasına diqqət edək.

İlkin olaraq Vergi Məcəlləsinin 104-cü maddəsinə nəzər yetirməliyik. 104.5-ci maddəyə görə, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir. Maddədən aydın olur ki, yenidən qiymətləndirmədən yaranan (9.000-7.000)= 2.000 manat fərq mənfəət vergisi üçün gəlir sayılmır, amma əsas vəsaitin dəyərini artırır.

Bu zaman ikinci bir sual meydana çıxır: 9.000 manata amortizasiya hesablanılmalıdırmı? Bir çox hallarda təsərrüfat subyektlərinin mühasibləri yenidən qiymətləndirmədən sonra əsas vəsaitlərə amortizasiyanı tam məbləğə hesablayır və gəlirdən çıxırlar. Məsələyə aydınlıq gətirmək üçün Məcəllənin 114-cü maddəsinə nəzər yetirməliyik. 114.6-cı maddəyə görə, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

Əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilmiş təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim olunmuş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Maddədən tam aydın olur ki, yenidən qiymətləndirmədən yanaran fərq amortizasiya hesablamaq üçün əsas vəsaitlərin qalıq dəyərinə əlavə olunmur. Deməli, balansda əsas vəsaitin dəyəri 9.000 manat olacaqdır. Amma amortizasiya məqsədləri üçün qalıq dəyəri 7.000 manat kimi qalacaqdır. Odur ki, növbəti ildə gəlirdən çıxılan amortizasiya məbləği 9000 * 7% = 630,00 manat yox, 7000 * 7% = 490,00 manat olacaqdır.

Hazırladı: Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/3949.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.