e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Sosial sığorta ödənişləri üzrə bir illik güzəşt müddəti bitir.

2019-12-30 | Vergilər | 4011

30.11.2018-ci il tarixli "Sosial sığorta haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə AR Qanununa əsasən fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyatda olan və ticarət və tikinti sahəsində fəaliyyət göstərməyən şəxslər üzrə məcburi dövlət sosial sığorta ödənişi minimum əməkhaqqının 20%-dən 25%-ə qaldırılmışdır. Lakin, qanunun 2.1 maddəsində qeyd edilmişdir ki, dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minir və həmin tarixədək sosial sığorta haqları 2019-cu il yanvarın 1-dək qüvvədə olan qayda ilə ödəniləcək.

Beləliklə, fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyatda olan və ticarət və tikinti sahəsində fəaliyyət göstərməyən şəxslər üzrə məcburi dövlət sosial sığorta ödənişi 01.01.2020 tarixindən minimum əməkhaqqının 25 faizi qədər təşkil edərək 62.50 AZN (250 manat * 25%) olacaqdır.

Bir məsələni də qeyd etmək lazımdır ki, 30.11.2018-ci il tarixində "Sosial sığorta haqqında" AR Qanuna edilən dəyişikliklərə əsasən 01.01.2020 tarixindən sosial sığorta haqları üzrə xidməti müqavilə ilə işləyənlərə münasibətdə ölkə üzrə vahid ödəniş faizi və qaydası müəyyən edilmişdir, ayrı-ayrı regionlar arasında tətbiq olunan fərq isə aradan qaldırılmışdır. Bu o deməkdir ki, fəaliyyət göstərdiyi rayondan və ya iş yerinin hansı regionda yerləşməsindən asılı olmayaraq, fərdi sahibkarlar və xidməti müqavilə ilə çalışanlar eyni məbləğdə sosial sığorta haqqı ödəyəcəklər.

Beləliklə, belə fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

  • sahibkarlıq fəaliyyəti üzrə - tikinti və ticarət sahələrində minimum aylıq əməkhaqqının 50 faizi (125 manat = 250*50%), digər sahələrdə 25 faizi (62.5 manat = 250*25%) miqdarında;
  • mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında;
  • xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) on mislinin 25 faizi miqdarında - 450 manat (250 * 10 *25% = 625 manat);
  • müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
  • Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;
  • mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin(digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" AR Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 6 faizi miqdarında - 15 manat (250 * 6% = 15 manat)..

Onu da qey etmək lazımdır ki, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.