e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

ƏDV-ni geri alan istehlakçı malı necə geri qaytara bilər?

2020-05-16 | Vergilər | 117

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

İqtisadçı ekspert Mahmud Abasquliyev qanunvericiliyin bu tələbini şərh edərək bildirib ki, Vergi Məcəlləsinə əlavə edilən bu dəyişiklik nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsidir. Artıq istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizinin geri qaytarılması üçün mexanizm işləyir. Bu məsələdə iki məqamı diqqətdə saxlamaq lazımdır. Birincisi, ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarının məlumat bazasına inteqarsiya olunan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. İkincisi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Misal:

Tutaq ki, vətəndaş POS-terminal vasitəsilə 118 (100 manat +18 manat (ƏDV 18%)) manat, nağd qaydada isə 59 (50 manat + 9 manat (ƏDV 18%)) manat isə nağd qaydada ödəniş edərək mal alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq ƏDV-nin məbləği POS-terminalla aldığı mala görə 2,70 manat (18 manat x 15 faiz) təşkil edirsə, nağd qaydada aldığı mala görə bu məbləğ 90 (9 manat x 10 faiz) qəpik olacaq. Vətəndaşın müraciəti əsasında 177 (118+59) manatlıq mala görə 3,60 (2,70 + 0,90) manat məbləği geri qaytarılacaq.

ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar işə düşdükdən sonra bir məsələ də gündəmə gəlib. Bilirik ki, istehlakçıların aldıqları malı hər hansı səbəbdən geri qaytarmaq haqqı vardır. Bəs ƏDV qaytarıldıqdan sonra istehlakçının malı geri qaytarması proseduru necə olacaq?

  1. İstehlakçı alınmış mallara görə ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edir və həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarıldığı portalda yoxlanılır.
  2. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, ödədiyi məbləğdən istehlakçıya qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən, ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, istehlakçının ödədiyi məbləğdə tam şəkildə istehlakçıya geri qaytarır.
  3. İstehlakçının aldığı mal daha aşağı qiymətli mal ilə dəyişdirildikdə satıcı istehlakçıya qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla pulu istehlakçıya geri qaytarır.
  4. İstehlakçının aldığı mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasındakı qiymət fərqi üzrə ƏDV məbləği bu qaydaya uyğun olaraq istehlakçıya geri qaytarılır.
  5. Satıcı Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatında geri qaytarılan mala dair çeki ləğv edir və müvafiq dövr üzrə Dövlət Vergi Xidmətinə (istehlakçıya qaytarılan vəsaitindən çıxılmış ƏDV məbləği nəzərə alınmaqla) bəyannamə təqdim edir.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Qaytarılmalı olan ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən beş gün müddətində müvəkkil banka ötürülür. Müvəkkil bank isə on gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır.

Qeyd edək ki, çekləri "Kaptalbank"ın "BirBank" əlavəsi ilə də oxutmaq mümkündür.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/8438.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.