e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Mövcud şəraitdən sui-istifadə edərək işçiləri əsassız yerə işdən çıxaran işəgötürənlərlə bağlı məsuliyyət tədbirləri görüləcək

2020-05-21 | Kadr işi | 3095

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır. Bununla bağlı olaraq xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib.

Bununla belə, nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə (mart və aprel aylarında) altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinə bir gün və ya bir neçə gün sonra xitam verildiyi müşahidə olunub.

Belə halların təhlili aparılarkən bəzi işəgötürənlərin karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq məqsədilə müvafiq icazəni almaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqaviləsi bildirişlərini sistemə daxil etdiklərinə dair şübhələr yaranıb.

Səlahiyyətlərindən sui-istifadə etməklə əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan həmin işəgötürənlərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.

Mənbə: https://vergiler.az/news/social/8682.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.