e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bakıda III Milli Mühasiblər Forumu keçirilib

2019-06-14 | Mühasibat uçotu | 482

İyunun 12-də Bakıda 200-dən artıq müxtəlif yerli və xarici şirkətin maliyyə menecerlərinin, mühasiblərin, auditorların, dövlət strukturlarının rəhbər vəzifəli şəxslərinin və KİV nümayəndələrinin iştirakı ilə III Milli Mühasiblər Forumu öz işinə başlayıb.

Forumda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev artıq ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd Azərbaycanda mühasibat uçotunun inkişafı, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sahədə islahatların dərinləşməsinə yönəldilmiş təkliflərin öyrənilməsi və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır. Sahibkarların maliyyə savadlığının artırılmasına önəm verən Azərbaycan Sahibkarlar Konfederasiyası bu istiqamətdə daim iş aparır, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində respublikamızda daha əlverişli biznes mühitinin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında fəal iştirak edir: "Ümid edirəm ki, forum iştirakçıları mühasibat uçotu sahəsində milli yanaşmalar, maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqi, rəqəmsal mühasibat uçotu, Azərbaycan reallığında auditin təşkili problemləri, mühasibat uçotu sahəsində qanunvericilikdə edilmiş dəyişikliklər, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan islahatlar, kommersiya qurumlarında mühasibat uçotu proqramları təminatında müasir çağırışlar, bu sahədə sertifikasiyanın rolu və bir çox aktual mövzularda ətraflı məlumat əldə edəcəklər".

Vergilər nazirinin müşaviri Xəqani Abdullayev forumda çıxışı zamanı bir neçə istiqamətdə həyata keçirilən vergi islahatlarından danışıb: "Əsas hədəflərimiz "kölgə iqtisadiyyatı"nın həcmini azaltmaq, maksimum şəffaflığa nail olmaq, vergi güzəştlərinin iqtisadi səmərəsini artırmaq, vergi bazasını genişləndirmək, vergi inzibatçılığını ən müasir standartlara uyğun qurmaq, vergi ödəyicilərinin hüquqlarını qorumaq, eyni zamanda sahibkarlığın inkişafına vergi stimulları vasitəsilə maksimum dəstək verməkdir. Məqsədimiz bu islahatların effektivliyini qiymətləndirməkdir".

Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət mövcud iqtisadi potensialdan səmərəli istifadə imkanlarının genişləndirilməsinə şərait yaradıb: "Hazırda milli iqtisadiyyatların beynəlxalq səviyyədə inteqrasiyası şəraitində bazar münasibətlərini əks etdirən informasiyaların müəyyən edilmiş vahid qaydada uçota alınması və istifadəçilərə daha anlaşılan şəkildə çatdırılması zəruri məsələlərdəndir".

Digər çıxış edənlər dünya təcrübəsində mühasibat uçotunun təşkili və müasir çağırışlar barəsində təqdimatlarla çıxış ediblər. Forumda "Mühasibat uçotu sahəsində müasir çağırışlar: milli yanaşmalar və beynəlxalq standartlar paradiqması", "İrəliyə addım: rəqəmsal mühasibat uçotu və Azərbaycan reallığında auditin təşkili problemləri""Qanunvericilikdə edilmiş dəyişikliklərin mühasibat uçotuna təsirləri” mövzularında panel iclaslar keçirilib.

Forum çərçivəsində təşkil edilən sərgidə şirkətlər, universitetlər, nəşriyyat və kitab mağazaları öz məhsullarını təqdim ediblər. Ziyarətçilər üçün maraqlı olan qida məhsulları, meyvə şirələri, mineral sular, məişət mebelləri, mühasibat uçotu üzrə ali təhsil, təlim, beynəlxalq sertifikat proqramları, Azərbaycan, türk, rus, ingilis dillərində yerli və beynəlxalq ədəbiyyatlar sərginin əsas bölmələrini təşkil edib.

Mənbə: https://vergiler.az/news/taxes/2533.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.