e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergi Məcəlləsində müddətlərin müəyyən edilməsi

2019-07-02 | Vergilər | 3169

Vergi Məcəlləsinin 68-ci maddəsində müəyyən edilmiş hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Məcəllənin 68.2-ci maddəsində bildirilir ki, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Məcəllədə nəzərdə tutulmuş hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi ödəyicisi bankda hesab açmaq üçün 20 aprel 2019-cu il tarixdə onlayn qaydada şəhadətnamə-duplikat əldə etmək üçün ərizə ilə müraciət edibsə, Vergi Məcəlləsinin 35.1-ci maddəsinə görə, vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat göndərir. Həm Mülki Məcəllənin 368-ci maddəsinə, həm də Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, müddətin axımı 21 apreldən hesablanır və ən geci 22 aprelədək vergi orqanı tələb olunan sənədi təqdim etməlidir.

Məsələn, tutaq ki, 12 fevral 2019-cu il tarixdə müəssisədə keçirilən operativ vergi nəzarəti zamanı vergi orqanının əməkdaşı vergi ödəyicisindən sənədləri tələb edir. Vergi Məcəlləsinin 42-ci maddəsinə görə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisi vergi orqanının tələbinə əsasən 1 (bir) gün müddətində sənədləri vergi orqanının əməkdaşına təqdim etməlidir. Belə olan təqdirdə, nəzərə alsaq ki, vergi orqanı tərəfindən tələbin edildiyi tarix – 12 fevral 2019-cu il tarixi nəzərə alınmır, o zaman vergi ödəyicisinin sənədləri 13 fevral tarixində vermək hüququ vardır.

Qanunvericilik müddətin axımının başlandığı vaxtı, tarixi müəyyən etdiyi kimi, müddətin axımının bitdiyi vaxtı, tarixi də müəyyən edir. Ümumiyyətlə, hər hansı müddət qanunvericilikdə göstərilən dövrün sonuncu gününün axırında bitir. Burada günün axırı dedikdə, Mülki Məcəllənin 371.1-ci maddəsinə əsasən, saat iyirmi dördədək olan vaxt nəzərdə tutulur. Əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş günüdürsə, növbəti iş günündə yerinə yetirilməlidir. Əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.<.b>

Məsələn, Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, hər ay üçün ƏDV bəyannaməsi sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir. 2019-cu il fevral ayı üçün ƏDV bəyannaməsinin təqdim edilməsinin sonuncu günü 2019-cu il mart ayının 20-sinə düşür. Lakin həmin gün Novruz bayramı ilə əlaqədar qeyri-iş günü olduğu üçün və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu il mart ayının 27-si bayramdan sonra ilk iş gününə təsadüf etdiyindən, fevral ayının ƏDV bəyannaməsinin təqdim edilməsinin sonuncu günü mart ayının 27-si oldu.

İndi isə daha vacib və praktiki misala baxaq. Tutaq ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi 25 dekabr 2018-ci il tarixdə elektron qaydada qaimə-fakturaya əsasən müştəriyə 11.800 manat məbləğində (o cümlədən 1.800 manat ƏDV) mal təqdim edib və 3 yanvar 2019-cu il tarixdə müştəriyə elektron vergi hesab-fakturası (EVHF) təqdim edib. Müştəri tərəfindən malların ödənişi 30 yanvar 2019-cu il tarixində ödənilib. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, əgər ödəniş 30 gün müddətində edilməyibsə, o zaman vergi tutulan əməliyyatların vaxtı mallar təqdim edildikdən sonra 5 gün ərzində təqdim edilmiş EVHF-nin tarixidir. Əgər EVHF də mallar təqdim edildikdən sonra 5 gündən gec (məsələn, 15 yanvar tarixində) təqdim edilibsə, o zaman vergi tutulan əməliyyatların vaxtı qaimənin təqdim edildiyi vaxtdır. Bu misala diqqət etsək görərik ki, həm ödəniş 30 gündən gec aparılıb, həm də EVHF mallar təqdim edildikdən sonra 5 gündən gec göndərilib.

İlk baxışdan, vergi tutulan əməliyyatların vaxtı qaimənin tarixi, yəni 25 dekabr 2018-ci ildir və dövriyyə 2018-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsində öz əksini tapmalıdır. Lakin Vergi Məcəlləsinin 68.2-ci maddəsinin tələblərini əsas götürsək, o zaman görünər ki, qaimə təqdim edildikdən sonra 5-ci gün 29 dekabr 2018-ci il tarixi qeyri-iş gününə - şənbə gününə təsadüf edir. 30 dekabr 2018-ci il tarixi həftənin bazar gününə, 31 dekabr, 1 və 2 yanvar qeyri-iş günlərinə təsadüf etdiyindən növbəti ilk iş günü 3 yanvar 2019-cu il tarixidir. Deməli, baxmayaraq ki, elektron qaimə təqdim edildikdən 9 təqvim günü sonra təqdim olunub, lakin EVHF qaimə təqdim edildikdən sonra 5-ci iş günündə verildiyi üçün vergi tutulan əməliyyatın vaxtı 3 yanvar 2019-cu il tarixidir və 10.000 manat məbləğində vergi tutulan dövriyyə 2019-cu ilin yanvar ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır. Əgər vergi ödəyicisi qanunvericiliyin tələblərinə diqqət etmədən 10.000 manat dövriyyəni 2018-ci ilin dekabr ayının dövriyyəsinə daxil etsə və 2019-cu ilin yanvar dövriyyəsində qeyd etməsə, o zaman səyyar vergi yoxlaması zamanı 2019-cu ilin yanvar ayı üçün büdcəyə çatası məbləği az göstərdiyi üçün 50 faizi miqdarında, yəni 900 manat məbləğində maliyyə sanksiyası ilə üzləşə bilər.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/articles/2576.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.