e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

201 Material ehtiyatları

Hesablar Planının 201-ci hesabı hesabat tarixində müəssisə tərəfindən saxlanılan istehsal prosesində istifadə ediləcək

  • xammal,
  • materiallar,
  • qablaşdırma materialları,
  • satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar (hissələr),
  • yanacaq,
  • ehtiyat hissələri,
  • tikinti materialları,
  • sair materiallar
barədə ümumiləşdirilmiş məlumatlərı əhatə edir.

Material ehtiyyatlarının ilkin dəyəri, malsatanların kreditə verdikləri həmin ehtiyatlar üçün hesablanmış faizləri, təchizat, alqı-satqı və vasitəçilik fəaliyyəti ilə məşğul olan təşkilatlara ödənilən əlavələr (üstəliklər) və kommision haqları, mal birjaları xidmətlərinin dəyəri, xammal və materialların əldə edilməsi zamanı ödənilmiş idxal rüsumları, kənar təşkilatların güvvələri ilə həyəta keçirilən daşınma, saxlanma xərcləri və sair xərclər daxil edilməklə bu material ehiyyatının alınmasına çəkilən məsrəflərdən (əlavə dəyər vergisi çıxılmaqla) asılı olaraq müəyyən edilir.

201 "Material ehtiyatları" hesabına aşağıdakı subhesablar açıla bilər:

  • 201-1 "Xammal və materiallar"
  • 201-2 "Satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar"
  • 201-3 "Yanacaq"
  • 201-4 "Tara və tara materialları"
  • 201-5 "Ehtiyat hissələri"
  • 201-6 "Sair materiallar"
  • 201-7 "Emal üçün kənara verilmiş materiallar"

201-1 "Xammal və materiallar" subhesabında: istehsal edilən məhsulun əsasını təşkil edərək onun tərkibinə daxil olan, yaxud onun hazırlanmasının zəruri kompanentlərindən biri olan xammal və əsas materialların (o cümlədən tikinti müəssisələrindəki tikinti materiallarının); məhsul istehsalında iştirak edən, yaxud təsərrüfat ehtiyacları, texniki məqsədlər və istehsal prosesinə yardım üçün istifadə olunan köməkçi materialların; emal və s. üçün tədarük edilmiş kənd təsərrüfatı məhsullarının mövcudluğu və hərəkəti uçota alınır.

201-2 "Satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar" subhesabında buraxılan məhsulu (tikintini) komplektləşdirmək üçün istehsal kooperasiysı qaydasında əldə edilən emalına yaxud yığılmasına məsrəflər tələb olunan satın alınmış yarımfabrikatların, hazır komplektləşdirici məmulatların (tikinti müəssisəsində tikinti konstruksiyaları və detallarının) mövcudluğu və hərəkəti uçota alınır. Komplektləşdirmək üçün əldə edilən, lakin dəyəri məhsulun maya dəyərinə daxil edilməyən məmulatların uçotu 205 "Mallar" hesabında aparılır.

201-3 "Yanacaq" subhesabında nəqliyyat vasitələrinin istismarı, istehsalın texnoloji ehtiyacları, enerji istehsalı və binaların qızdırılması üçün nəzərdə tutulan neft məhsullarının (neft, dizel yanacağı, ağ neft, benzin və s.) və sürtkü materiallarının, bərk (kömür, torf, odun və s.) və qaz şəkilli yanacaqların mövcudluğu və hərəkəti uçota alınır.

201-4 "Tara və tara materialları" subhesabında bütün növ taraların (təsərrüfat inventarı kimi istifadə olunanlardan başqa), habelə taraları hazırlamaq, təmir etmək üçün istifadə olunan materialların, hissələrin (yeşik çəlləklərin düzəldilməsi üçün hissələr və s.) mövcudluğu və hərəkəti uçota alınır. Yüklənmiş malların mühafizəsini təmin etmək məqsədi ilə vaqonlar, barjlar və gəmilərin əlavə avadanlıqlarla təmin edilməsi üçün nəzərdə tutulmuş əşyalar 201-1 "Xammalvə materiallar" subhesabında uçota alınır. Ticarət,satış və təchizat müəssisələri dolu və boş taraların uçotunu 205 "Mallar" hesabında aparırlar.

201-5 "Ehtiyat hissələri" əsas fəaliyyət ehtiyacları ilə əlaqədar əldə edilmiş yaxud hazırlaqmış maşınların, avadanlıqların, nəqliyyat vasitələrinin və s. köhnəlmiş hissələrinin dəyişdirilməsi və təmir edilməsi üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin, habelə ehtiyatda və dövriyyədə olan avtomobil şinlərinin mövcudluğu və hərəkəti uçota alınır. Müəssisələrin təmir bölmələrində, texniki dəyişmə məntəqələri və təmir zavodlarında yaradılan tam komplektli maşınlar, avadanlıqlar, mühərriklər, qovşaqlar, aqreqatlar üzrə mübadilə fondunun uçotu da bu subhesabda aparılır.

201-6 "Sair materiallar" subhesabında istehsal tullantılarının (metal yonqarı, kəsiyi və parçası); düzəlməsi mümkün olmayan zay məhsulların; əsas vəsaitlərin xaricolmasından əldə edilən, lakin material, yanacaq və ehtiyat hissələri (metal qırıntıları, tullantı xammal) kimi həmin müəssisədə istifadəsi mümkün olmayan material qiymətlilərinin; köhnəlmiş şinlərin və rezin tullantılarının və s. mövcudluğu və hərəkəti uçota alınır. Möhkəm yanacaq kimi istifadə olunan istehsal tullantıları və ikinci material qiymətliləri 201-3 "Yanacaq" subhesabında uçota alınır.

201-7 "Emal üçün kənara verilmiş materiallar" subhesabında emal üçün kənara verilən və gələcəkdə onlardan hazırlanası məmulatların maya dəyərinə daxil edilən materialların hərəkətinin uçotu aparılır. Kənar müəssisələr tərəfindən materialların emalı üzrə ödənilmiş məsrəflər bilavasitə həmin emaldan əldə edilən məmulatların uçota alan hesabların debetinə yazılır.

Müəssisəyə xammal və materialların daxil olması 201 "Material ehtiyatları" hesabının debetində və hardan daxil olmasında asılı olaraq 244 "Təhtəlhesab məbləğlər", 431 "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları", 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" və s. hesablarının kreditində əks olnur.

İstehsalat və təsərrüfat məqsədləri üçün həqiqətən istifadə olunan materiallar 201 "Material ehtiyatları" hesabının kreditinə, istehsala məsrəflərin uçotunu aprmaq üçün nəzərdə tutulan və digər müvafiq hesabların debetinə silinir.

Xammal və materialların kənara satışı 611 "Sair əməliyyat gəlirləri" hesabının debetində və 201 "Material ehtiyatları" hesabının kreditində əks etdirilir. Eyni zamanda bu materiallara görə mal alanlardan müəssisəyə çatası məbləğdə 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debetinə və 611 "Sair əməliyyat gəlirləri" hesabının kreditinə yazılış edilir.

Misal.

Müəssisə ayaqqabı istehsalı ilə məşğuldur və yerli istehsalçıdan 11 800 manat (ƏDV daxil) dəri və parçalar almışdır. Ay ərzinə alınan mallar ayaqqabı istehsalı üçün istifadə edilmişdir.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Dəri və parçaların alınması 201-1 "Xammal və materiallar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 10 000
2 Alınan materialların ƏDV-si 241 "Əvəzləşdirilən ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 1 800
3 Alınan materialları görə malgöndərənə edilən ödəniş-əsas məbləğ 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 10 000
4 Alınan materialları görə malgöndərənə edilən ödəniş-ƏDV 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226 "ƏDV sub-uçot hesabı" 1 800
5 Ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi 521-3 "Vergi öhdəlikləri - ƏDV" 241 "Əvəzləşdirilən ƏDV" 1 800
6 Materialların istehsalata silinməsi 202 "İstehsalat xərcləri" 201-1 "Xammal və materiallar" 10 000


Yazı sonuncu dəfə 2019-03-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.