e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Uşağın anadan olmasına görə müavinət

Uşağın anadan olması sosial sığorta hadisəsi hesab olunur və uşağın anadan olmasına görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.

Uşağın anadan olmasına görə müavinət almaq hüququ olan şəxslər

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin uşağın anadan olmasına görə müavinət almaq hüququ vardır.

Uşağın anadan olmasına müavinətin verilməsi dövrü

Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir. Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.

İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu DSMF orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.

Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.

Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir. Uşaq ölü doğulduqda müavinət verilmir.

Müavinətin təyin edilməsi və və maliyyələşmə mənbələri

Uşağın anadan olmasına görə müavinət sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Uşağın doğulmasına görə birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir.

Təqdim olunmuş sənəd əsasında komissiyasının səlahiyyətli üzvü müavinət almaq hüququnu, onun miqdarını müəyyən edir, müavinətin təyin edilməsi barədə qərar qəbul edir.

Qəbul edilmiş qərar müavinətin təyin edilməsi protokoluna qeyd edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların arayışının arxasında komissiyanın səlahiyyətli üzvünün imzası ilə müavinətin təyin olunması və miqdarı haqqında qeydlər edilir.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən DSMF orqanına məktubla müraciət etməlidir.

Sığortaedən uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün müraciət olunduğu aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı), uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş doğum haqqında arayış əlavə olunmalıdır.

DSMF orqanları 5 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı DSMF orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir. Haqq-hesab cədvəlini yükləmək.

Beləliklə, uşağın anadan olmasına görə müavinət almaq üçün aşağıdakı sənədlər DSMF-na təqdim edilməlidir:

  • DSMF-na məktub;
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən doğum haqqında verilmiş arayış;
  • Protokol;
  • müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı);
  • Haqq-hesab cədvəli.

Uşağın anadan olmasına görə müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Uşağın anadan olmasına müavinətin miqdarı

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 01 aprel 2019-ci il tarixindən etibarən 200 manat məbləğində müəyyənləşdirilmişdir.

Qeyd: Dövlət tərəfindən ödənilən müavinətlər, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına uşağın anadan olmasına görə ödənilən müavinət gəlir vergisinə cəlb olunmur.

Eyni zamanda, əmək haqqı olmayan ödəmələr (müavinətlər) işsizlikdən sığorta haqqına cəlb olunmur.



Yazı sonuncu dəfə 2020-06-11 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.