ƏDV: Vergi tutulan əməliyyatların və idxalın: vaxtı və yeri.
Vergi tutulan əməliyyatın aparıldığı və idxalın vaxtı (01.01.2020 tarixindən sonra).
Vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:
- nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
Misal.
ƏDV ödəyicisi yanvar ayının 21-i alıcıya 5 900 manat (ƏDV daxil) dəyərində mal təqdim etmişdir, yanvar ayının 23-də isə elektron qaimə-faktura (EQF) təqdim etmişdir. Alıcı mart ayının 5-i aldığı mallara görə ödəniş etmişdir.
Malların və EQF-nın fevral ayında təqdim edilməsinə baxmayaraq ƏDV tutulan əməliyyatın vaxtı fevral ayı deyil, ödəmənin aparıldığı vaxt - mart ayı olacaqdır və mart ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
- qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt;
- malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt;
- natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt;
- əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt;
- tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt;
Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallar (işlər, xidmətlər) üzrə malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.
Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar üzrə ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.
Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:
- mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt;
- mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.
Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.
Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.
Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.
Vergi tutulan əməliyyatın aparıldığı və idxalın vaxtı (31.12.2019 tarixinə kimi).
Vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə, ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron qaimə-fakturasının verildiyi vaxt sayılır.
Misal
ƏDV ödəyicisi fevral ayının 21-i alıcıya 5 900 manat (ƏDV daxil) dəyərində mal təqdim etmişdir, fevral ayının 23-də isə elektron qaimə-faktura (EQF) təqdim etmişdir. Alıcı mart ayının 5-i aldığı mallara görə ödəniş etmişdir.
EVHF mal təqdim ediləndən 5 gün ərzində təqdim edilməsinə baxmayaraq vergi tutulan əməliyyatın vaxtı fevral ayı deyil, mart ayı olacaqdır və mart ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
|
Misal
ƏDV ödəyicisi fevral ayının 21-i alıcıya 5 900 manat (ƏDV daxil) dəyərində mal təqdim etmişdir, fevral ayının 23-də isə elektron qaimə-faktura (EQF) təqdim etmişdir. Alıcı mart ayının 25-i aldığı mallara görə ödəniş etmişdir.
Ödəniş mal təqdim ediləndən 30 gün sonra edildiyi və EVHF mal tədim ediləndən 5 gün ərzində təqdim edildiyi üçün, vergi tutulan əməliyyatın vaxtı EVHF-nın təqdim edldiyi vaxt, yanı fevral ayının 23-ü olacaqdır. Və əməliyyat fevral ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
|
Mallar (işlər, xidmətlər) təqdim edildiyi müddətdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron qaimə-fakturası verilmirsə vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır:
- malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi vaxtda, yaxud
Misal
ƏDV ödəyicisi fevral ayının 21-i alıcıya 5 900 manat (ƏDV daxil) dəyərində mal təqdim etmişdir, fevral ayının 27-də isə elektron qaimə-faktura (EQF) təqdim etmişdir. Alıcı mart ayının 25-i aldığı mallara görə ödəniş etmişdir.
Ödəniş mal təqdim ediləndən 30 gün sonra edildiyi və EVHF mal tədim ediləndən 5 gün sonra təqdim edildiyi üçün, vergi tutulan əməliyyatın vaxtı malların təqdim edldiyi vaxt, yanı fevral ayının 21-i olacaqdır. Və əməliyyat fevral ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
|
- malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.
Misal
ƏDV ödəyicisi fevral ayının 21-i alıcıya 11 800 manat (ƏDV daxil) dəyərində malların birinci partiyasını yola salmışdır, fevral ayının 24-ü isə sonuncu partıya göndərilmişdir. Müqaviləyə əsasən mallar satıcı tərəfindən alıcının başqa şəhərdə olan anbarına daşınmalıdır. Fevral ayının 27-də isə elektron qaimə-faktura (EQF) təqdim edilmişdir. Alıcı mart ayının 25-i aldığı mallara görə ödəniş etmişdir.
Ödəniş mal yola salınandan 30 gün sonra edildiyi və EVHF mal daşınması başlanandan 5 gün sonra təqdim edildiyi üçün, vergi tutulan əməliyyatın vaxtı malların daşınması başlandığı vaxt, yanı fevral ayının 21-i olacaqdır. Və əməliyyat fevral ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
|
- ödəmə yuxarıda göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron qaimə-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.
Misal
ƏDV ödəyicisinin bank və ƏDV depozit hesabına fevral ayının 25-i 5 900 manat (o cümlədən 900 manat ƏDV) alıcıdan avans daxil olmuşdur. ƏDV ödəyicisi mart ayının 1-i alıcıya 11 800 manat (ƏDV daxil) dəyərində mal təqdim etmişdir, mart ayının 2-də isə elektron qaimə-faktura (EQF) təqdim etmişdir. Alıcı aprel ayının 5-i aldığı mallara görə qalan məbləği 5 900 manatı ödəmişdir.
EVHF avans (5 900 manat) alınandan 5 gün ərzində verilmədiyi üçün, avansa görə vergi tutulan əməliyyatın vaxtı avansın alındığı vaxt, yanı fevral ayının 25-i olacaqdır. Və 5 900 manat məbləğində əməliyyat fevral ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır. Qalan 5 900 manat məbləğ isə EVHF göndərildiyi tarixdə, yanı mart ayının 2-i vergi tutulan əməliyyatın vaxtı olacaqdır və mart ayının ƏDV bəyannaməsində öz əksini tapmalıdır.
|
- xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin
elektron qaimə-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır.
- gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar
gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.
Malların (işlərin, xidmətlərin) təqdim edildiyi yer
- Malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu və ya quraşdırıldığı yer sayılır.
- İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:
2.1. daşınmaz əmlakın olduğu yer - işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir;
2.2. işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer - bunlar daşınan əmlakla bağlıdırsa;
2.3. xidmətlərin faktiki göstərildiyi yer - xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə;
2.4. nəqletmənin faktiki həyata keçirildiyi yer - işlər (xidmətlər) bu nəqletmə ilə bağlıdırsa;
2.5. iş görənin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və xidmətlər alıcının daimi nümayəndəliyi ilə
bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu bəndin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:
- patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
- məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
- işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
- daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
- müqavilənin əsas iştirakçısı adından bu bənddə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
- kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya
xidmətlərdən istifadə hüququnun verilməsi.
- telekommunikasiya xidmətlərinin göstərilməsi;
- radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
- elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsi;
2.6. işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer.
- 2-ci bənd tətbiq edildikdə, birdən çox bənddə sadalanan işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer bu bəndlərin sıra üzrə birincisi ilə müəyyənləşdirilir.
Yazı sonuncu dəfə 2020-01-04 tarixində yenilənib.
|