e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Akkreditivdən vəsaitlərin alınması

Akkreditivdən pul vəsaitlərinin alıcısı təchizatçı (satıcı, malgöndərən, icraçı) müəssisə olur. Akkreditivin icrası üçün vəsait alan icraçı banka akkreditivin bütün şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədləri təqdim edir. Bu şərtlərdən, heç olmasa, biri pozulduqda akkreditiv icra edilmir. İcraçı bank həmin sənədlərin yalnız formal baxımdan qaydada olmasını yoxlamalıdır.

Əgər icraçı bank akkreditivin şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyatı aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzini ödəməlidir. Göstərilən xərclərin əvəzi, habelə akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün başqa xərclərinin əvəzi ödəyici tərəfindən ödənilir.

Akkreditiv pulu gəbul etməyən üçüncü şəxsə də verilə bilər. Bunun üçün müqavilədə belə bir şərt müəyyən edilməlidir, icra edən bank isə üçüncü şəxsə akkreditivin verilməsinə razılığını verməlidir.

Pul vəsaitlərini təchizatçı müəssisə öz öhdəliklərini (malların göndərilməsi, xidmətlərin göstərilməsi, işlərin göndərilməsi) yerinə yetirməsini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra ala bilər.

Bu sənədlərin siyahısı alıcı ilə bağlanılan müqavilədə qeyd edilir. Bu sənədlərə aiddir hesab-fakturalar, qaimələr, təhvil-təslim aktlərı və s.

Akkreditivin icrasının 2 üsulu vardır:

  • sənədləri təqdim etdikdə;
  • müəyyən tarixə kimi.

Birinci üsulda akkreditivin icrası tarixi banka müvafiq sənədlər təqdim edildikdən sonra 3 gündən artıq olmamalıdır.

İkinci üsulda akkreditivin icrası tarixi müəyyən edilmiş tarixə keçirilə bilər, və ya müvafiq əməliyyatların (malların göndərilməsi, sənədlərin təqdim edilməsi və s.) yerinə yetirilməsi tarixindən başlaya bilər.

Akkreditivin şərtlərinə görə onun icrası üçün başqa üsullar da müəyyən edilə bilər.

Sənədləri qəbul etməkdən imtina

Əgər icraçı bank zahiri əlamətlərinə görə akkreditivin şərtlərinə uyğun gəlməyən sənədləri qəbul etməkdən imtina edirsə, bu barədə o, imtinanın səbəblərini göstərməklə, vəsait alana və emitent banka dərhal məlumat verməlidir.

Əgər icraçı bankın qəbul etdiyi sənədləri aldıqdan sonra emitent bank onları zahiri əlamətlərinə görə akkreditivin şərtlərinə uyğun gəlməyən hesab edərsə, onların qəbulundan imtina edə bilər və akkreditivin şərtləri pozulmaqla vəsait alana ödənilmiş məbləği icraçı bankdan tələb edə bilər, ödənilməmiş akkreditiv üzrə isə ödənilmiş məbləğlərin əvəzini ödəməkdən imtina edə bilər.

Akkreditivin şərtlərinin pozulmasına görə bankın məsuliyyəti

Bu maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla akkreditivin şərtlərinin pozulmasına görə ödəyici qarşısında emitent bank, emitent bank qarşısında isə icraçı bank məsuliyyət daşıyır.

İcraçı bank ödənilmiş və ya təsdiqlənmiş akkreditiv üzrə pul vəsaitini ödəməkdən əsassız imtina etdikdə vəsait alan qarşısında məsuliyyət icraçı bankın üzərinə qoyula bilər.

İcraçı bank ödənilmiş və ya təsdiqlənmiş akkreditiv üzrə pul vəsaitini akkreditivin şərtlərinin pozulması nəticəsində düzgün ödəmədikdə ödəyici qarşısında məsuliyyət icraçı bankın üzərinə qoyula bilər.

Yazı sonuncu dəfə 2018-10-14 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.