e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcarə əməliyyatları - ƏDV

AR Vergi Məcəlləsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Eyni zamanda, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Bildiyimiz kimi, icarə fəaliyyəti ilə məşğul olan şəxslər (subyektlər) aşağıdakılar ola bilər:

  • vergi qeydiyyatında olmayan fiziki şəxslər (əhali);
  • vergi qeydiyyatında olan fiziki şəxslər (fərdi sahibkarlar);
  • hüquqi şəxslər;
  • qeyri-rezidentlər.

Fiziki şəxslərin icarə fəaliyyəti AR Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti hesab edilir. Bu səbəbdən də fiziki şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) icarə üzrə əməliyyatlarının həcmi 200 000 manatdan artıq olsada, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu deyillər. Eyni zamanda, fərdi sahibkarlar ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyatdan keçsələr belə, onların icarə fəaliyyətindən olan gəlirləri ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmayacaqdır.

Yuxarıda qeyd edilən subyektlərdən icarə fəaliyyəti zamanı yalnız hüquqi şəxslər, əgər sahibkarlıq fəaliyyətindən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) əməliyyatlarının həcmi 200 000 manatdan artıq olarsa, və ya könüllü ƏDV qeydiyyatına alınallarsa, o zaman, ƏDV ödəyicisi ola bilərlər.

İcarədar hüquqi şəxs, icarəçi isə hüquqi şəxs və ya fərdi sahibkar olduqda icarədar hər ay üzrə göstərilən icarə xidmətlərinə görə xidmətlər başa çatdıqdan sonra 5 gün ərzində icarə xidmətlərinin göstərilməsinə görə elektron qaimə-faktura təqdim edilir.

Azadolma

Dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsindən ƏDV tutulmur.

İcarə əməliyyatının baş verdiyi yer

ƏDV məqsədləri üçün icarə əməliyyatlarının baş verdiyi yer icarəyə verilən əmlakın daşınar və daşınmaz olduğundan asılıdır.

Aydındır ki, ƏDV məqsədləri üçün daşınmaz əmlakın icarəyə verilməsi zamanı icarə əməliyyatlarının baş verdiyi yer əmlakın qeydiyyatda olduğu yer hesab edilir.

AR Vergi Məcəlləsinin 168.1.5 maddəsinə görə ƏDV məqsədləri üçün daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla) zamanı icarə əməliyyatlarının baş verdiyi yer icarəçinin yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, icarəçinin daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab edilir.

Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi

Qeyri-rezidentə məxsus əmlak vergi agentinə icarəyə verilmək üçün idxal edildikdə, əmlakın sahibi olan qeyri-rezidentin icazəsi ilə vergi agenti idxaldan ödənilmiş vergidən ƏDV-nin məbləğinin əvəzləşdirilməsini tələb edə bilər. Bu halda vergi agenti vergi ödəyicisi sayılır və sonradan əmlakı təqdim edərkən (onun ixracı istisna edilməklə) ƏDV-nin ödənilməsi üçün cavabdehdir.

Yazı sonuncu dəfə 2023-10-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.