e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcarəyə götürülmüş torpağın torpaq vergisi

Torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı vacib məsələlərdən biridə icarəyə verilən torpaq sahəsinə görə ödənilən torpaq vergisidir.

AR Mülki Məcəlləsi, Maddələsinin 709-cu maddəsinə əsasən:

İcarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir.

Eyni zamanda, Torpaq icarəsi haqqında AR Qanunu-na əsasən:

İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

Fiziki şəxslərin torpaq vergisi yerli (bələdiyyə) vergilərinə aiddir, hüquqi şəxslərin torpaq vergisi dövlət vergisinə aiddir, hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasında ödədikləri torpaq vergisi isə muxtar respublika vergisidir.

Torpaq vergisini ödəyiciləri

Təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq fiziki şəxslər və müəssisələr Azərbaycan Respublikasının ərazisində yerləşən və mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisini ödəməlidirlər.

Torpaq vergisini ödəməli olan şəxslər torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay müddətində uçota durmalıdırlar.

Torpaq sahələri daşınmaz əmlak hesab edilir. Torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqları sənədləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununa əsasən AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

AR Torpaq Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

Torpaq icarəyə veriləndə icarəyəverən torpaq vergisi ödəyicisidirsə o, vergi məbləğini icarəçidən almalı və mülkiyyətçi kimi onu müvafiq büdcəyə ödəməlidir. İcarəyəverən torpaq vergisi ödəyicisi deyildirsə, icarəçi torpaq istifadəçisi kimi torpaq vergisini özü ödəməlidir.

Vergitutma obyekti

Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır və torpaq vergisi buna əsasən hesablanır.

Bu zaman torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsas götürülür. Tikililərin və qurğuların altında qalan torpaqlara, obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə də torpaq vergisi hesablanıb ödənilməlidir.

AR "Torpaq Məcəlləsi"-nin 4-cu maddəsinə əsasən,

Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

Torpaq sahəsi vergitutma obyekti sayılması üçün o:

  1. Azərbaycan Respublikasının ərazisində;
  2. fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olmalıdır.

Əgər dövlət mülkiyyətində olan torpaq sahələri yalnız o zaman vergitutma obyekti sayıla bilər ki, onlar fiziki şəxslərin və ya müəssisələrin istifadəsinə verilmiş olsun.

Vergi məqsədləri üçün torpaqlar kənd təsərrüfatlıqeyri-kənd təsərrüfatlı təyinatlı torpaqlara ayrılır.

AR Torpaq Məcəlləsinə əsasən:

Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə

  • kənd təsərrüfatı yerləri (uqodiyaları),
  • meşə zolaqlarının,
  • təsərrüfatdaxili yolların,
  • kommunikasiyaların,
  • bataqlıqların,
  • sututarların,
  • kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına)

  • əkin,
  • çoxillik əkmələrin altında olan torpaqlar,
  • dincə qoyulmuş torpaqlar,
  • biçənəklər,
  • örüşlər və
  • otlaqlar aid edilir.

Vergi dərəcələri

Kənd təsərrüfatı torpaqlarının torpaq vergisini hesablamaq üçün torpaq sahəsinin hər bir hektarını əvvəlcədən müəyyən edilmiş şərti bala vurmaq lazımdır. Şərti bal kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi, keyfiyyəti nəzərə alınmaqla konkret olaraq müəyyən edilərək torpağın sənədində qeyd edilmişdir.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

AR Nazirlər Kabineti tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirilir.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisini hesablamaq üçün həmin torpaq sahəsinin hər 100 kvadrat metrini aşağıdakı cədvəldə göstərilən dərəcələrə vurmaq lazımdır.

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar( manatla) Yaşayış fondlarının, həyətyanı və bağ sahələrinin tutduğu torpaqlar(manatla)
10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün 10000 m2-dək olduqda 10000 m2-dən yuxarı olan hissə üçün
Bakı 10 20 0.6 1.2
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 8 16 0.5 1
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 4 8 0.3 0.6
Rayon tabeçiliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 2 4 0.1 0.2
Misal.

Müəssisənin Bakı və Sumqayıt şəhərlərində ticarət təyinatlı torpaqları var. Bakı şəhərində torpaq sahəsi - 3 000 kv.m., Sumqayıt şəhərində isə - 1 000 kv.m. Müəssisənin illik torpaq vergisi aşağıdakı kimi hesablanmalıdır:
10 * 3 000/100 + 8 * 1 000/100 = 380 AZN

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar - bu tip torpaqların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Yaşayış fondlarının, həyətyanı və bağ sahələrinin tutduğu torpaqlar - bu tip torpaqların hüquqi rejimi torpaq və mənzil qanunvericiliyi aktları əsasında müəyyən edilir.

Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları AR Nazirlər Kabinetinin 29.12.2000-ci il tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Misal.

Müəssisəsinin Qazax rayonunda II-ci keyfiyyət qrupuna aid olan 60 hektar əkin sahəsi və I-ci keyfiyyət qrupuna aid 50 hektar örüş sahəsi vardır. Müəssisənin torpaq vergisini hesablayaq:

Qazax rayonunda II-ci keyfiyyət qrupuna aid olan əkin sahəsi altındakı torpaqların 1 hektarının şərti balı 45-dir. I-ci keyfiyyət qrupuna aid olan örüş sahəsi altındakı torpaqların 1 hektarının şərti balı isə 60-dir.

Əkin sahəsinin torpaq vergisi - 60*45*0.06= 162 AZN

Örüş sahəsinin torpaq vergisi * - 50*60/10*0.06= 18 AZN

*Qeyd: Biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti ballarının 1/10 miqdarında qəbul edilir.

Cəmi torpaq vergisi: 162 + 18 = 180 AZN

Torpaq vergisinin hesablanması və ödənilməsi

Müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və müəyyən olunan dərəcələrə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq müvafiq bəyannaməni vergi orqanına verirlər. Burdan belə nəticə çıxarmaq olar ki, may ayının 15 dən sonra müəssisənin mülkiyyətinə və ya istifadəsinə daxil olmuş torpaqlara görə bəyannamə vermək lazım deyil. Lakin, AR Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına kimi torpağın yeni sahibi tərəfindən ödənilməlidir.

Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən cari ilin iyul ayının 1-dək müəyyən olunan qaydada hesablanır və ödənilməli torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyə bildirişini isə həmin ilin avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır.

Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Hesablanmış torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müəssisələr tərəfindən dövlət büdcəsinə, fiziki şəxslər tərəfindən isə yerli (bələdiyyə) büdcəyə ödənilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

AR "Torpaq Məcəlləsi"-nin 99-cu maddəsinə əsasən,

Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir.

İcarəyə verən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyə verən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.



Misal

Müəssisə torpaq sahəsini icarəyə götürübdür. İcarəyə verən fiziki şəxs torpaq vergisi ödəyicisidir. AR "Torpaq Məcəlləsi"-nin 99-cu maddəsinə əsasən, icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Müəssisə fiziki şəxsə torpağın icarə haqqını ödəyəcək, fiziki şəxs isə torpaq vergisini özü bələdiyyə büdcəsinə ödəməlidir.



Yazı sonuncu dəfə 2020-04-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.