e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İctimai iaşə sahəsində malların satışı və ya məhsul istehsalında istifadəsi əməliyyatlarının sənədləşdirilməsi

İctimai iaşə fəaliyyəti göstərən müəssisənin anbarından mallar hazır məhsul (yemək) hazırlanması üçün hazırlanmaya məsul şəxsin (aşpazın) sifarişi (tələbi) əsasında buraxılır. Sifariş məsul şəxs (aşpaz) tərəfindən imzalanmış və müəssisə rəhbəri (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən təsdiq edilmiş reseptlər əsasında tərtib edilir. Reseptlər olmadığı halda malların anbardan buraxılması üçün məsul şəxsin (aşpazın) sifarişi (tələbi) əsas götürülür. Bu zaman verilmiş sifarişə və məsul şəxsin (aşpazın) tələbinə uyğun olaraq, anbarın maddi məsul şəxsi həmin mallar üzrə Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası"nı (Forma N QF-3) tərtib edir. Sifariş əsasında mətbəxə verilmiş mallar sifarişçinin (aşpazın) maddi məsuliyyətinə keçir.

Alınmış mallardan hazır məhsul (yemək) hazırlanmasında tam istifadə edilmədikdə və malların qaytarılması zərurəti yarandıqda, həmin mallar anbara qaytarılır. Bu əməliyyat "Malların mətbəxdən anbara qaytarılması aktı" (Forma N MMAQA-1) ilə sənədləşdirilir.

İctimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatıPOS-terminallar tətbiq edilməklə həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə, müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.

Hüquqi şəxslərin və fərdi sahibkarların xərclərinin sənədləşdirilməsi üçün, onların tələbinə əsasən, nəzarət-kassa aparatının çeki və POS-terminalın çıxarışı ilə yanaşı, elektron qaimə-faktura verilir.

İctimai iaşə obyektlərində alkoqollu içkilərin süzülməklə satışı müvafiq ticarət avadanlıqları, ölçü cihazları və ya qabları vasitəsilə həyata keçirilir. Bu obyektlərdə alkoqollu içkilərin süzülmədən və ya qablaşdırılması pozulmadan satışı qadağandır.

Malların satışı kommersiya təmsilçiləri vasitəsilə müxtəlif vergiödəyicilərindən alınmış sifarişlər əsasında (keytrinq xidmətləri) həyata keçirildikdə, malların sifarişçilərə çatdırılması elektron qaimə-faktura ilə sənədləşdirilir.

İctimai iaşə fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la (Forma N İƏM-1) sənədləşdirilir. Həmin akt müəssisənin (və ya onun səlahiyyətli nümayəndəsinin), maddi məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.

Onu da qeyd etmək lazımdır ki, istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi isə “Yeyinti məhsulları haqqında” AR Qanunu və Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları” tələblərinə uyğun olaraq həyata keçirilir.

Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar maddi məsul şəxslərin hesabından silinə bilər. Bu zaman "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" (Forma N FİƏM-1) tərtib olunur.

İctimai iaşə fəaliyyətində satışın nəticələrinə görə malların silinməsi məsul şəxsin (aşpazın) təsdiqlənmiş reseptlərə uyğun tərtib etdiyi "Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt"a (Forma N SNMS-1) əsasən həyata keçirilir.

Təsdiqlənmiş resept olmadıqda, malların xərcə aid edilməsi həmin malların satışın nəticələrinə görə silinməsinə uyğun olaraq aparılır. Bu zaman miqdar ifadəsində hesabat ayının əvvəlinə malların qalığı ay ərzində mədaxil sənədləri əsasında alınmış malların cəmindən həmin hesabat ayının sonuna malların qalığının çıxılması yolu ilə müəyyən edilir. Yaranan fərq satılmış mallara aid edilməklə məsul şəxs (aşpaz) tərəfindən tərtib edilən "Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt" (Forma N SNMS-1) əsasında sənədləşdirilir. Silinmiş malların dəyəri, həmin mallar üzrə fərdi uçot aparılmadıqda, AR Vergi Məcəlləsinin 139.4-cü maddəsinə uyğun olaraq orta maya dəyəri ilə müəyyən edilir.

Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.