e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Elektron Qaimə-Faktura

AR Vergi Məcəlləsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura verilməlidir:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;

Belə ki, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim edilməlidir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Elektron qaimə-fakturanın tərtib edilməsi

Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir.

Elektron qaimə-fakturaların tərtibi üçün nəzərdə tutulan mal (iş və xidmətin) kodlarını buradan əldə edə bilərsiniz.

Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları

Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr (Yenilənmə Tarixi: 21.01.2020)

e-Qaimə (bütün vergi ödəyiciləri üçün) istifadəçi təlimatına keçid

Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir:

  • elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi;
  • vergi ödəyicisinin və alıcının tam adı;
  • vergi ödəyicisinin və alıcının eyniləşdirmə nömrəsi (VÖEN);
  • əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.);
  • əlavə qeydlər;
  • sıra nömrəsi;
  • malın (işin, xidmətin) adı;
  • malın (işin, xidmətin) ölçü vahidi;
  • malın (işin, xidmətin) miqdarı, həcmi;
  • malın (işin, xidmətin) vahidinin buraxılış qiyməti;
  • malın (işin, xidmətin) cəmi məbləği;
  • aksizli mallarda aksizin dərəcəsi;
  • aksizli mallarda aksizin məbləği;
  • təqdim edilmiş malın (işin, xidmətin) cəmi dəyəri (ƏDV-siz);
  • ƏDV-yə cəlb edilən əməliyyatların məbləği (manatla);
  • ƏDV-yə cəlb edilməyən əməliyyatların məbləği;
  • ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların məbləği;
  • ƏDV-nin məbləği;
  • yekun məbləğ (rəqəmlə);
  • yekun məbləğ (yazı ilə);
  • elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər və baş mühasib) vəzifəsi, soyadı, adı;
  • elektron qaimə-fakturanı alan şəxsin soyadı, adı, atasının adı;
  • ştrix-kod.

Qeyd. Ştrix-kod - sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan koddur.

Elektron qaimə-fakturada məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir.

Elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.

Elektron qaimə-fakturanın “Təqdim edən” rekvizitində malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinin tam adı və VÖEN-i, “Alıcı” rekvizitində isə malın (işin, xidmətin) alıcısının tam adı və VÖEN-i göstərilməlidir.

Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın "Əsas" rekvizitində öz əksini tapır.

Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildiyi halda, elektron qaimə-fakturanın “Növü” rekvizitində “Dəqiqləşdirilmiş” qeydi seçilməklə dəqiqləşdirilən elektron qaimə-fakturanın seriyası, nömrəsi və dəqiqləşdirmənin səbəbi “Əlavə qeydlər” rekvizitində göstərilir.

Elektron qaimə-fakturanın bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir.

Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur:

  • "Sıra №-si" sütununda - alıcıya təqdim edilmiş malların (işlərin, xidmətlərin) adlarının ardıcıl nömrələri;
  • "Malın (işin, xidmətin) adı" sütununda - malın (işin, xidmətin) adları;
  • "Ölçü vahidi" sütununda - malın (işin, xidmətin) ölçü vahidi;
  • "Miqdarı, həcmi" sütununda - malın (işin, xidmətin) miqdarı (həcmi);
  • "Vahidinin buraxılış qiyməti" sütununda - malın (işin, xidmətin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan);
  • "Cəmi məbləği" sütununda – malın (işin, xidmətin) ümumi dəyəri;
  • "Aksiz" sütununda - müvafiq sütunlar üzrə aksizli mallar üzrə aksizin ümumi məbləği;
  • "Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz)" qrafasının cəmi sütununda - təqdim edilmiş malın (işin, xidmətin) ümumi dəyəri ilə aksizin məbləğinin cəmi;
  • "o cümlədən, ƏDV-yə cəlb edilən sütununda - təqdim edilmiş malın (işin, xidmətin) ƏDV-yə cəlb olunan dəyəri;
  • "o cümlədən, ƏDV-yə cəlb edilməyən" sütununda – təqdim edilmiş malın (işin, xidmətin) müvafiq qanuna əsasən ƏDV-yə cəlb edilməyən dəyəri;
  • "o cümlədən, ƏDV-yə “0" dərəcə ilə cəlb edilən” sütununda - təqdim edilmiş malın (işin, xidmətin) müvafiq qanuna əsasən ƏDV-yə “0” dərəcə ilə cəlb edilən dəyəri;
  • "ƏDV məbləği" sütununda – eyni bir sətir üzrə “ƏDV-yə cəlb edilən” sütununda göstərilən rəqəmin ƏDV-nin müvafiq qanunla müəyyən edilən dərəcəsinə vurulmaqla, proqram tərəfindən avtomatik hesablanır;
  • "Yekun məbləğ" sütununda – "təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz)" qrafasının "Cəmi" sütunundakı məbləğlə "ƏDV məbləği" sütunundakı məbləğlərin cəmi qeyd olunur;
  • "Cəmi" sətrində müvafiq bəndlərin sütunlarının cəm məbləğləri proqram tərəfindən avtomatik hesablanır. Elektron qaimə-faktura bir neçə səhifədən ibarət olduqda isə “Cəmi” sətri sonuncu səhifədə göstərilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması AR Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması AR Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

Elektron qaimə-fakturanın növləri

Əməliyyatların xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilə bilər:

  • malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
  • malların qaytarılması barədə;
  • malların qaytarılması istisna olmaqla, bu AR Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən:
    • əməliyyatın xarakteri dəyişdikdə,
    • qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə;
    • vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.
  • malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
  • agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
  • agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;
  • malların emala verilməsi barədə;
  • emal prosesi keçmiş malların qaytarılması barədə;
  • AR Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən: "Qeydiyyat AR Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.

Elektron qaimə-fakturanın təqdim edilməsi müddətləri

  1. Aşağıdakı hallar baş verdikdə, elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxtlarda təqdim edilir:
    • malların təqdim edilməsi;
    • malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi;
    • agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilməsi;
    • malların emala verilməsi;
    • emal prosesi keçmiş malların qaytarılması;
  2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;
  3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində;
  4. aşağıda qeyd edilən hallarda, malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində:
    • malların qaytarılması;
    • malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;
    • agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması;

Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi

Vergi ödəyicisi alıcıya elektron qaimə-fakturanı elektron formatda təqdim edir.

Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür.

Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

Elektron qaimə-fakturada alıcının VÖEN-i səhv göstərildikdə, elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat vergi ödəyicisinin e-qutusuna ötürülür, alıcının elektron qutusu olmadıqda isə çap edilərək birbaşa təqdim edilir.

Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya təqdim edilmiş elektron qaimə-fakturanın dəqiqləşdirilməsinə zərurət yarandıqda, elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

Qeyd. Bu Qaydaların 3.4-cü və 3.8-ci bəndlərində nəzərdə tutulan hallarda elektron qaimə-faktura çap edildiyi halda “Təhvil aldım” bölməsi vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcı tərəfindən doldurulur.

Vergi orqanları tərəfindən aparılan operativ vergi nəzarəti zamanı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınması yoxlanılır.

Elektron qaimə-fakturanın istifadəçi təlimatı

AR Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89-№-li qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və AR Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edirlər.

Elektron qaimə-fakturaları göndərmək üçün vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsinə (o cümlədən, ASAN İmza) malik olmalıdır. Elektron qaimə-fakturaların göndərilməsi aşağıdakı iki üsulla həyata keçirilir:

  • “Onlayn rejimdə” - vergi ödəyicisi İnternet Vergi İdarəsi portalında “GİRİŞ” düyməsini sıxmaqla elektron xidmətlər bölməsinə daxil olur. O, sistemə audentifikasiya olunmaq üçün “ASAN İmza” və ya “e-İmza” bölmələrindən birini seçir və sonra “e-Qaimə” altbölməsinə daxil olmaqla onlayn rejimdə elektron qaimə-fakturanı tərtib edərək digər vergi ödəyicisinə təqdim edir.
  • “Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı – eFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra o, gücləndirilmiş elektron imza vasitəsindən (ASAN İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin elektron xidmətlər bölməsindən “e-Qaimə” altbölməsini seçib sistemə daxil olur və hazırladığı paketi faylı “Paket hazırla” düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və onlar “Qaralama” qovluğuna düşür. Burada həmin elektron qaimə-fakturalar üzərində istifadəçi tərəfindən müvafiq əməliyyatlar aparıla bilər. Sonda isə elektron qaimə-fakturalar tək-tək və ya dəst şəklində onlayn rejimdə imzalanaraq göndərilir. Çox sayda elektron qaimə-fakturalar təqdim edən vergi ödəyicilərinin bu rejimdən istifadə etməsi tövsiyə olunur.

e-Qaimə (bütün vergi ödəyiciləri üçün) istifadəçi təlimatına keçid

Malların alışını təsdiq edən Elektron Qaimə Fakturanın olmamasına görə məsuliyyət

Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan "Malların alış aktı" (Forma N MAA-1), idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə istehsal fəaliyyəti ilə məşğul olanlar üçün "İstehsal ehtiyatlarının alış aktı" (Forma № İEAA-1) sənədlər olmadıqda aşağıdakı miqdarlarnda maliyyə sanksiyası tətbiq edilir:

  • birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi,
  • ikinci dəfə yol verdikdə 20 faizi,
  • üç və daha çox dəfə yol verdikdə isə 40 faizi.

Malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur.

Elektron Qaimə Fakturanın təqdim edilməməsinə görə məsuliyyət

Elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala görə aşağıdakı miqdarlarnda maliyyə sanksiyası tətbiq edilir:

    birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi,
  • ikinci dəfə yol verdikdə 20 faizi,
  • üç və daha çox dəfə yol verdikdə 40 faizi.


Yazı sonuncu dəfə 2020-01-23 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.